GÜNÜN ŞƏRHİ
PYD-yə mesaj verildi. Həm dövlət rəsmilərinin dili ilə, həm də uğurla başa çatan Cerablus əməliyyatı ilə. Cerablus ələ keçirildikdən sonra kürd qruplaşmaların Fəratın qərb sahilinə keçməsi faktiki olaraq imkansızdır. Bu, artıq İŞİD-lə deyil, Türkiyə Silahlı Qüvvələri ilə qarşıdurma demək olacaq ki, PYD bunun nə ilə nəticələnəcəyini yaxşı bilir. Bir sual hələ cavabını tapmayıb - Türkiyə ordusu Arfin və Azez qəsəbələrini PYD-dən təmizləmək üçün əməliyyat keçirəcəkmi? Bu, daha çox PYD-nin Türkiyə üçün təhdid törətdiyini isbatlamaqdan asılı olacaq. Anadoluda törədilən terror aktlarında PYD izi tapılsa, bununla bağlı müvafiq beynəlxalq ictimai rəy formalaşdırılsa, ordu Azez və Arfini kürd terrorçulardan təmizləmək üçün hərəkətə keçə bilər. Cerablusdan fərqli olaraq bu iki məntəqəni azad etmək bir qədər vaxt aparacaq. Dünənki əməliyyata 2 minədək Azad Suriya Ordusu silahlıları cəlb olunub, bu qüvvə ilə Arfini PYD-dən azad etmək çətindir. Əməliyyata daha çox sayda silahlı cəlb etmək üçün isə vaxt lazımdır. Digər tərəfdən Cerablusda keçirilən əməliyyata həm Rusiya, həm ABŞ göz yummaqla dəstək vermiş oldu. Çünki burada hədəf İŞİD idi. Azez və Arfinə nəzarət edən PYD isə ABŞ-ın rəsmi, Rusiyanın qeyri-rəsmi müttəfiqidir. Bu səbəbdən hər iki tərəf yeni əməliyyata Cerablusda olduğu kimi dəstək verməyə bilər. Amma yenə də hər şey Anadoluda törədilən terror aktlarında PYD-nin iştirakının isbatlanmasından əhəmiyyətli dərəcədə asılıdır.
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Avqust[/b]
194