Martın 26-da Lənkəran şəhərində 14 yaşlı məktəblinin müəmmalı şəraitdə vəfat etməsi faktı ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Lent.az xəbər verir ki, Lənkərandakı liseyin yaxınlığından ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılan Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərhad Fərahim oğlunun ölüm səbəbini dəqiqləşdirmək üçün nümunələr götürülərək Bakıya göndərilib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 14 yaşlı məktəbli xəstəxanaya daxil olarkən artıq vəfat edibmiş.
Qeyd edək ki, Fərhad Məmmədzadə keçmiş türk liseyinin yataqxanasında qalırmış və dünən yoldaşları ilə avtobusla Lənkərana gəlib. Avtobusdan düşüb liseyə daxil olarkən onun halı pisləşib və xəstəxanaya çatdırılıb. Yaxınları yeniyetmənin hər hansı ağır xəstəlik keçirmədiyini bildiriblər.
*****
26 mart
Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb.
APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Fərhad Fərahim oğlu Məmmədzadə halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, F. Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.