“Tələbə-məzun” dövlət elektron məlumat sistemi” fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”nın icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.
Fevralın 4-də isə sistem dövlət qeydiyyatına alınmış və sistem haqqında məlumat dövlət reyestinə əlavə edilib.
Qeyd edək ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin Prezidentinin Administrasiyası, Milli Məclisinin Aparatı, Nazirlər Kabineti, Respublika Baş Prokurorluğu, Müdafiə Nazirliyi; Milli Təhlükəsizlik Nazirliyi eyni zamanda Daxili İşlər, Ədliyyə, Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Statistika Komitəsi və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.