Bu gün Bakı şəhərinin Səbail rayonunda, “Sahil” ticarət mərkəzində baş vermiş güclü yanğın söndürülüb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində alov lokallaşdırılıb və söndürülüb. Hazırda yanğın ərazisində qabaqlayıcı tədbirlər davam etdirilir.
Yanğının söndürülməsinə Səbail və Nəsimi rayonunun yanğınsöndürmə briqadaları ilə yanaşı Nərimanov rayonundan da gəlmiş əlavə qüvvənin köməyindən istifadə edilib.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerinə gəlib. E. Mirzəyev APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını deyib. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.
*****
10:35
Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən “Sahil” ticarət mərkəzində başlanmış yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib. Lent.az-ın məlumatına görə, Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin bir briqadası da hadisə yerinə cəlb edilib. Yanğının baş verdiyi binadan sakinlərin, ticarət mərkəzinin işçilərinin və Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təxliyəsi artıq başa çatdırılıb. İki nəfərə özünü pis hiss etdiyi üçün tibbi yardım göstərilib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın altında, metronun “Sahil” stansiyasının giriş-çıxışı müvəqqəti bağlanıb.
*****
10:14
Bu gün səhər saatlarından Bakının mərkəzində, metronun "Sahil" sahil stansiyası üzərindəki “Sahil” Ticarət Mərkəzində güclü yanğın başlayıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın 2-ci mərtəbəsindəki yaşayış evindən başlayıb və digər mənzillərə və 3-cü mərtəbəyə yayılıb. Yanğının miqyası xeyli genişdir.
Yanğın xeyli şiddətlənib və artıq binanın damında da tüstülənmə müşahidə edilir.
Hadisə yerinə gəlmiş yanğınsöndürənlər bildiriblər ki, hadisə ilə bağlı 2-ci dərəcəli yanğın həyəcan çağırışı verilib. Hazırda hadisə yerində Səbail və Nəsimi rayonunun yanğınsöndürmə briqadaları çalışır. Əlavə qüvvələrin də cəlb ediləcəyi istisna deyil.