“Bundestaqın qətnaməsi I Avropa Oyunlarına kölgə salmaq məqsədi daşıyır”
12 iyun 2015 20:18 (UTC +04:00)

“Bundestaqın qətnaməsi I Avropa Oyunlarına kölgə salmaq məqsədi daşıyır”

Bu gün Azərbaycanın Almaniyada olan səfirliyi ölkənin Bundestaqı tərəfindən qəbul olunan qətnaməyə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir:

“Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü „Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək“ adlı qətnamə qəbul edilib.

 

Belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Bu hər şeydən əvvəl orada əksini tapan ittihamların düzgün olmaması və boş mülahizələrə əsaslanmasından qaynaqlanır. Qətnamənin qəbul olunması vaxtının ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının açılışı ilə bir vaxta düşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu idman tədbirinin keçirilməsini kölgə altına almaq və bununla Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Bu bizdə dərin təəssüf hissi doğurur.

 

Bir daha bəyan etmək istəyirik ki, biz konstruktiv, dəqiq ifadə olunmuş və faktlara əsaslanan tənqidə qarşı deyilik. Lakin sözügedən qətnamə Azərbaycanı kor-koranə şəkildə hədəfə alır və ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bu ittihamları qətiyyətlə rədd edirik. Heç bir şəxs ölkəmizdə öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmayıb və olunmur. Almaniya Federativ Respublikasının ali siyasi orqanlarından olan Bundestaqın qeyri-dəqiq və səhv məlumatlara əsaslanaraq ölkəmizi ittiham etməsi qəbuledilməzdir.

 

Azərbaycan 24-illik müstəqilliyi dövründə mühüm demokratik inkişaf yolu keçmiş və kiçik zaman müddətində bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkəmizdə yeni katolik, rus-ortodoks kilsələrinin tikintisi və bərpası, bizim regionda ən böyük yəhudi sinaqoqunun Bakıda açılması Azərbaycanda hökm sürən dini tolerantlığın yüksək səviyyəsindən xəbər verir. Bu sahədə həyata keçirilən işləri və göstərilən səyləri nəzərə almadan sözü gedən qətnamə ölkəmizi dini azadlığın mövcud olmamasında qınayır. Bu qətnamənin məsələyə necə qərəzli yanaşdığını sübut edən nümunələrdən biridir.

 

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və könüllü şəkildə demokratiya yolunu seçib. Azərbaycan bu gün də bu yolu davam etdirir “.

# 95
avatar

Oxşar yazılar