Zaqatalada “Azərpoçt”un kənd şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan 17-ə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Muxax kənd şöbəsinin inzibati binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq seyf oğurlayan şəxslərin həmin kəndin sakinləri olması müəyyən olunub.
Keçirilmiş tədbir nəticəsində 1993-cü il təvəllüdlü Fərqan Əsgər oğlu Əliyev, 1992-ci il təvəllüdlü Elnur İlham oğlu Rəcəbov, 1993-cü il təvəllüdlü Samir Fəxrəddin oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ramin Mahmud oğlu Həsənov tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslərin oğurladıqları seyf onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.