"300 min manat borc alıb MTN-ə apardım " - <span style="color:red;">GENERALLARIN MƏHKƏMƏSİ  - <span style="color:red;">YENİLƏNİB
28 mart 2017 18:37 (UTC +04:00)

"300 min manat borc alıb MTN-ə apardım " - GENERALLARIN MƏHKƏMƏSİ - YENİLƏNİB

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib.

 

 

Günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Mübariz Paşayev ifadə verib.

 

 

Bu barədə Lent.az-a general Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib.

 

 

O bildirib ki, zərərçəkən şəxs qismində ifadə verən Mübariz Paşayev heç bir zərər çəkmədiyini, heç kimdən şikayətçi olmadığını deyib. Həmçinin zərərçəkən istintaqa verdiyi ifadəni təsdiqləməyib. Qeyd edib ki, ifadəsini oxumadan imzalayıb.

 

 

 

 

Zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.

 

 

Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb: “Həmin daşlar 2000 karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada yaşayan zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580.000 ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim.

 

Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq. Dubaydan aldığım brilyant daş-qaşın 300.000 ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.

 

 

Təxminən 20 gün keçəndən sonra axşam saat 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə  zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə “biz trasda səni gözləyirik” dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim. Zəngdən sonra qaynım Nəzərov Ramin Şamil oğlu ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan, özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun «Koroğlu» stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.

 

 

 

MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar. Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları Araz Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər. Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 09-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1.000.000 ( bir milyon)  manat pul və Dubaydan gətirdiyi 580.000 ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı. Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280.000 ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300.000 ABŞ dolları dəyərində brilyantların da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300.000 ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər”.

 

 

 

Zərərçəkmiş Mübariz Paşayev bildirib ki, brilyantları Fizuli və Natiq əlindən aldıqları üçün pula ehtiyacı olduğundan sonrakı dövrdə adına olan, Nərimanov rayonu ərazisindəki 4 otaqlı evi 200.000 ABŞ dollarına tanımadığı müştəriyə satıb.

 

 

Məhkəmə prosesi martın 30-da davam edəcək. 

 

14:12

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib. 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses haqqında təqsirləndirilən Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib.

Azər Tağıyev prosesdə vəsatətlə çıxış edərək Sübahir Qurbanovun səhhətində problem olduğunu qeyd edib. Bildirib ki, onun barəsində müalicə tədbirlərinin keçirilməsini istəyiblər. 


Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Prosesdə zərərçəkmiş şəxslərdən Rauf Həsənov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib və bildirib ki, 2010-cu ildə qızıl alveri ilə məşğul olub: "Fizuli Əliyev və Yasin Məmmədov tərəfindən MTN-ə çağırıldım, məndən 300 min manat pul tələb elədilər. Həbs olunmağımla təhdid etdilər.  Borc taparaq dedikləri pulu Y.Məmmədova  aparıb verdim". 


Vəkillərin suallarını cavablandıran zərərçəkən şəxs heç zaman Sübahir Qurbanovu görmədiyini, heç vaxt görüşmədiyini deyib.


Proses nahardan sonra davam edəcək.


Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri  - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

 

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

# 95
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qadını küçədə öldürüb  intihara cəhd etdi

Qadını küçədə öldürüb intihara cəhd etdi

30 may 2024 , 12:26
Əli İnsanov məhkəməyə  müraciət etdi

Əli İnsanov məhkəməyə müraciət etdi

30 may 2024 , 12:04
Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

30 may 2024 , 10:37
Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

30 may 2024 , 10:15
Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

30 may 2024 , 09:31
Balakən meşələrində ƏMƏLİYYAT

Balakən meşələrində ƏMƏLİYYAT

30 may 2024 , 09:04
Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

30 may 2024 , 07:47
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

30 may 2024 , 01:18