Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlərin olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.