Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan gənc oğlan həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Lent.az-a bildirib ki, bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı:
"Görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı Elvin İsmayılovun yanvarın 1-də saat 15:40-da sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib".