“Ukraynada həlak olan tankçı Mərahim Məmmədzadənin meyiti hələ tapılmayıb”.
Bunu Lent.az-a açıqlamasında Lənkəran şəhər Nüvədi kənd Bələdiyyəsinin sədri Paşa Məmmədov bildirib.
“Mərahim Məmmədzadə 1996-cı ildə Lənkəran şəhərinin Nüvədi kəndində anadan olub. Uşaqlıqdan Rusiyada yaşayıb. O, Buryatiya Dövlət Universitetini bitirib.
Atası Elçin Məmmədzadə və Anası Gülmirə Bağırova boşanıblar. Hazırda atası kənddə yaşayır və ruhi xəstədir. Anası isə Lənkəranda qalır. İki bacısı var. Bacılarından biri 28 yaşlı Məmmədzadə Şəhanə evlidir, digər bacısı 19 yaşlı Məmmədzadə Məleykə isə Bakıda təhsil alır”.
Onun sözlərinə görə, Məmmədzadə Mərahimin əvvəlcə yaralanma xəbəri gəlib:
“Mərahimin bizə birinci yaralanma xəbəri gəldi. Sonra isə ölüm. Bizə oradan gələn məlumata görə, hələ heç onun meyiti də tapılmayıb”.
Qeyd edək ki, Mərahim Elçin oğlu Məmmədazadənin Ukraynada həlak olması ilə bağlı xəbər vermişdik.
M.Məmmədzadə Rusiya vətəndaşı olub və hərbi xidmətini də Rusiya ordusunda edib. Daha sonra isə müqavilə əsasında orduda tankçı kimi fəaliyyət göstərib. O, T-72B3 tankının komandiri olub.