Sumqayıt Məişət Tullantıları Poliqonu
13 avqust 2021 17:53 (UTC +04:00)

Sumqayıt Məişət Tullantıları Poliqonu

Sumqayıtlıların kabusuna çevrilən POLİQON - FOTOLENT

Sumqayıtda atmosferə atılan tullantılar, ətrafa buraxılan tüstü və kəskin qoxu son günlər şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub. Xüsusən axşam və gecə saatlarında sakinlər kəskin üfunət iyindən dözülməz hal yaşayırlar.

Sakinlər deyirlər ki, ətrafa yayılan tüstü, iy-qoxu onların kabusuna çevrilib.

Sumqayıt şəhəri ətrafında bir sıra zavodlar fəaliyyət göstərsə də, yarım milyona yaxın əhalinin rahatlığını Məişət Tullantıları Poliqonunun pozduğu bildirilir.

Lent.az xəbər verir ki, APA-nın əməkdaşları vəziyyəti yerində araşdırmaq üçün Sumqayıt Məişət Tullantıları Poliqonuna baş çəkib.

Buradakı mənzərəni sözlə ifadə etmək çətindir. Ətrafda qalaqlanmış müxtəlif tullantılar və yaranan tüstü ocaqları... Ətrafı tüstü və kəskin qoxu bürüyüb.

Poliqonda isə işçilərdən heç kim gözə dəymir.

Oradan “Sumqayıt Təmizlik Departamenti” MMC-yə yollanan əməkdaşlara Departamentdən bildirilib ki, yaranan vəziyyətlə bağlı mütəmadi tədbirlər həyata keçirirlər.

Problemin niyə məhz indi kəskin xarakter alması ilə bağlı qeyd olunub ki, yay aylarında isti havanın təsirindən poliqondakı tullantılar kəskin iy verməyə başlayır, tüstü ocaqları yaranır. Departamentdən onu da deyiblər ki, Sumqayıt Məişət Tullantıları Poliqonu “Təmiz Sumqayıt” MMC-yə icarəyə verilib. İcarədar yaxın günlərdə yaranan problemin həlli istiqamətində tədbirlər həyata keçirəcək və problem aradan qaldırılacaq.

“Təmiz Sumqayıt” MMC-dən bildiriblər ki, poliqonu yeni icarəyə götürüblər. Bağlanmış müqavilə şərtlərinə əsasən, poliqon ərazisində məişət tullantılarının çeşidlənməsi, utilizasiyası və zərərsizləşdirilməsini həyata keçirəcəklər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir. İllərdir, toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur, nəticədə də yanğın baş verir.

“Poliqon ərazisi daim Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının bununla bağlı sərəncamı var və işçi qrup yaradılıb. Ərazidə yanğın hallarının olmaması üçün mütəmadi olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür”, - deyə icra hakimiyyətindən bildirilib.

İcra Hakimiyyətindən onu da deyiblər ki, Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir.

“Məişət tullantılarının zərərsizləşdirilməsi üçün ərazidə çuxurlar mövcuddur. Tullantılar həmin çuxurlara daşınaraq zərərsizləşdirilir. Ərazidə mütəmadi olaraq torpaqlama işləri aparılır. Bundan sonra işlər daha da gücləndiriləcək”, - deyə İcra Hakimiyyətindən bildirilib.

Qeyd edək ki, artıq bir müddətdir, davam edən vəziyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də reaksiya verilib. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə APA-ya bildirib ki, son zamanlar Sumqayıtda tüstü, iy-qoxunun yayılması ilə bağlı şikayətlər daxil olur, vətəndaşlar tərəfindən haqlı narazılıq bildirilir: “Şəhərin havasında tüstü, iy-qoxu olması onsuz da çox isti keçən yay aylarında insanları daha çox narahat edir”.

Onun sözlərinə görə, bununla bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparılıb, bir neçə müəssisə atmosferi normadan artıq çirkləndirdiyinə görə cərimə edilib: “Monitorinqlərin əsasında müəyyən edilib ki, Sumqayıt şəhərinin havasını əsas çirkləndirən mənbə Sumqayıt Məişət Tullantıları Poliqonudur. Dəfələrlə həmin ərazidə məişət tullantılarının düzgün idarə olunmaması səbəbindən öz-özünə yanma halları aşkar edilib”.

H. Əlizadənin sözlərinə görə, poliqona xidmət tərəfindən dəfələrlə cərimə, məcburi göstəriş verilib: “Son dəfə iyul ayının sonunda poliqona cavabdeh olan vəzifəli şəxs 4800 manat məbləğində cərimələnib. Dünən gecə saatlarında aparılan monitorinq zamanı yenə də tullantıların yandığı aşkar edilib. Bu da həm Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev adına qəsəbənin havasını ciddi çirkləndirib, iy-qoxu vətəndaşların narahatlığına səbəb olub. Problemin həlli üçün icra orqanları tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir. Biz səlahiyyətlərimiz çərçivəsində poliqonun rəhbərliyini dəfələrlə cərimə etmişik. Edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır”.

Xidmət rəsmisi problemin həllini yeni poliqonun tikilməsində, mövcud poliqonun idarə olunmasının düzgün təşkilində gördüyünü vurğulayıb.

Rəsmi qurumlar problemdən çıxış yolunu zavod və ya yeni poliqonun tikilməsində görür, lakin fakt odur ki, illərdir, Sumqayıtın əsas problemi ilə bağlı konkret, praktik addımlar atılmır və tullantıların utilizasiyası zavodunun tikinti layihəsi kağız üzərində qalmaqdadır.

Ekspertlər isə hesab edir ki, zavod tikilənə qədər problemin qarşısının müvəqqəti də olsa alınması üçün müəyyən addımlar atmaq olar. Mütəxəssislərin fikrincə, tullantıların çeşidlənərək düzgün qaydada basdırılması, xüsusi yük avtomobilləri ilə Bakıdakı Balaxanı poliqonuna daşınması, bundan başqa, tullantıların müvafiq standartlara və müasir tələblərə cavab verən digər müəssisələrdə xüsusi qaydada məhv edilməsi ilə problemin müəyyən qədər həllinə nail olmaq mümkündür.

Qeyd edək ki, ötən ilin 80-ci illərində yaradılan Sumqayıt Məişət Tullantıları Poliqonunun ərazisi 110 hektardır. Bura Sumqayıtla yanaşı, Abşeron və Qaradağ rayonlarının yaxın məsafədə yerləşən yaşayış məntəqələrindən də məişət tullantıları daşınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19