Sumqayıtda qeyri-adi mənimsəmə hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı Nərgiz Hacıyeva (ad soyad şərtidir) 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində şəhərin 9-cu mikorayon ərazisində kirayədə yaşayıb. O, həmin evdən mənzil sahibinə məxsus dəyəri ümumilikdə 1622 manat olan əşyaları – qadın çantaları, paltarlar, adyal, qab-qacaq, suvenirlər və s. ayrı-ayrı vaxtlarda götürərək, tanışı Sevda Orucovaya (ad soyad şərti) hədiyyə kimi verib.
Bu əməllərinə görə, onun barəsində Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb və ittiham aktı təsdiq olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Hakim Rövşən Xəlilov tərəfindən işə baxılması oktyabrın 13-ə təyin edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs Nərgiz Hacıyeva Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (Elektrok qolbaq taxmaqla) cəzasına məhkum edilib.