General-mayor İsgəndər Allahverdiyev dəfn olunub.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olan, “Azərbaycan Bayrağı” ordenli general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin dəfn mərasimi keçirilib.
Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulmuş, onun əziz xatirəsi ehtiramla yad edilib.
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

***
14:52
Dövlət Sərhəd Xidməti general-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Lent.az xəbər verir ki, nekroloqda deyilir:
- Azərbaycan Respublikasının sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət edən, ölkəmizin sərhəd mühafizəsi sisteminin formalaşması və inkişafında xidmətləri olmuş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.
İsgəndər Allahverdiyev sonrakı illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib, zəngin xidmət təcrübəsinin gənc kadrların hazırlanmasına yönəldilməsinə töhfə verib.
Dövlət qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb.
General-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin vəfatı onu tanıyanlar, xidmət yoldaşları və silahdaşları üçün ağır itkidir.
Onun əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
***
12:18
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Lent.az "Baku.ws"ə istinadən xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
79 yaşlı general Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İ.Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Həmin ildən Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə bu vəzifədə olarkən Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.