Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çənlibel kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 29 yaşlı İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.