Amerikada saxta “iPhone” telefonlarının həqiqi olanlarla dəyişdirilməsinin fırıldaq sxemi üzə çıxıb.
Lent.az xəbər verir ki, fırıldaqçılar təmir üçün saxta “iPhone”ları sataraq “Apple”ı 3 milyon dollar aldadıblar.
Bununla bağlı ABŞ məhkəməsi saxta “iPhone”ları təmirə göndərməklə və orijinallarını geri almaqla “Apple” şirkətini 3 milyon dollar aldadan iki çinlini mühakimə edib.
Prokurorların sözlərinə görə, Merilend ştatından olan 33 yaşlı Haotian Sun və Penfei Xue 2017-ci ilin may ayından 2019-cu ilin sentyabr ayına qədər saxta “iPhone”ları təmir üçün qaytarıb və əvəzində real şirkət smartfonları alıb.
Qeyd olunur ki , fırıldaqçılar Honq Konqda saxta smartfonlar alıblar. Daha sonra saxta seriya nömrələrindən istifadə edərək onları “Apple” pərakəndə satış mağazalarına və səlahiyyətli xidmət mərkəzlərinə aparıblar. Ümumilikdə, fırıldaqçılar 5 mindən çox saxta “iPhone”u təmir üçün təhvil verərək “Apple”a 3 milyon dollar məbləğində ziyan vurublar.
Hökm oxunması 2024-cü il iyunun 21-nə təyin edilib. Şübhəliləri 20 ilə qədər həbs gözləyir.
Bu, ilk belə hal deyil. Məsələn, bir neçə il əvvəl ABŞ-da oxşar sxem üzrə fəaliyyət göstərən fırıldaqçı saxlanılıb. Üç illik fəaliyyəti ərzində o, “Apple”a 1 milyon dollar məbləğində ziyan vurub. Nəticədə 26 ay həbs və təxminən 2 milyon dollar cərimə olunub.