Novosibirsk yaxınlığındakı Moşkovoda saxlanarkən 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyən yol polisi əməkdaşı qətllə hədələnib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, hadisə baş verən gün polis bölməsi və xəstəxananı silahlı azərbaycanlılar 60-a yaxın maşınla mühasirəyə alaraq ciddi etirazlarını bildiriblər.
Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Rasim Sahib oğlu Babayev toplaşanları sakitləşdirməyi bacarıb. Həmyerlilərindən istintaqın rəsmi nəticələrini gözləmələrini istəyib.
İstintaq komitəsində polis əməkdaşına qarşı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Səhlənkarlıqla ölümə səbəb olmaq”) ilə cinayət işi açılıb.
Bundan əvvəl başından aldığı güllə yarasından ölən Abdullaevin əmisi, qardaşı oğlunun təqibdən qaçmaq üçün bir cəhd etmədiyini, sadəcə “sireni” eşitmədiyini və "yanıb-sönən işıqları" görmədiyini söyləyib.
Gənclərin özləri bir yanacaqdoldurma məntəqəsində dayanıb tualetə getdikdə, polislər özlərini təqdim etmədən onlara hücum ediblər. Yol polis əməkdaşlarından biri tabel silahını çıxararaq mübarizə əsnasında təsadüfən tətiyi çəkdiyini iddia edib.
Abdullayev mayın 30-da xəstəxanada keçinib.