Zaqatalada təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən “Röya” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.