Bakıda metroda təhlükəli anlar yaşanıb.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun “Şah İsmayıl Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında qeydə alınıb. Belə ki, qatar tuneldə olarkən qəfil dayanıb və nəticədə müəyyən gecikmə yaranıb. Bu isə sərnişinlərin təlaşa düşməsinə səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, sözügedən yubanma 15-20 saniyə çəkib:
“Qatar tuneldə olarkən qəfil sərnişinlərdən biri qapıya toxunub. Burada hansısa xuliqanlıqdan yaxud qəsdən qapının açılmasından söhbət getmir. Ola bilər ki, kiminsə əli qapı arasında qalıb, ya cüssəli sərnişin olub və müvazinəti itirərək qapıya dəyib. Bu halda maşınistə dərhal siqnal gedir. Maşınist də kabinədən bütün qapıları yoxlayıb və hərəkəti təmin edib. Bu isə 30-40 saniyə vaxt aparıb. Daha sonra gecikməmək üçün qatarın sürəti artırılıb və yalnız 15-20 saniyə gecikmə yaranıb”.