Polis nə zaman cinayətkara atəş aça bilər?
14 fevral 2022 16:58 (UTC +04:00)

Polis nə zaman cinayətkara atəş aça bilər?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyat zamanı odlu silahdan istifadə etməsi ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, fevralın 13-də paytaxtın Səbail rayonu ərazisində axtarışda olan Aydın Babayev iki polis əməkdaşını bıçaqlayıb. Onun tutulması üçün keçirilən əməliyyat zamanı A.Babayev müqavimət göstərdiyi üçün polis əməkdaşları atəş açıblar. Nəticədə A. Babayev məhv edilib. Polisin bu addımı sosial şəbəkədə ciddi müzakirələrə səbəb oldu. Belə ki, bəzi izləyicilər polisin təqsirləndirilən şəxsi sağ ələ keçirməli olduğunu iddi etdi.

Bəs görək ölkə qanunvericiliyinə görə, hansı hallarda hüquq-mühafizə orqanları əməkdaşları cinayətkara qarşı silah işlədə bilər?

Rubrikamızın sualına tanınmış vəkil Əsabəli Mustafayev aydınlıq gətirib.

O bildirib ki, əməliyyat zamanı yalnız adekvat olaraq odlu silahdan istifadə oluna bilər: “Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət törədən şəxsə qarşı adekvat olaraq odlu silahdan istifadə edə bilərlər. Onlar özlərinin yaxud ətrafdakıların müdafiəsi üçün, habelə ağır cinayət törədərək qaçan şəxsə qarşı silahdan atəş açmaq olar. Bu barədə qanunvericilikdə də müddəalar var. Amma tutaq ki, bir adam polisin üzərinə yumruqla gəlirsə ona atəş açmaq doğru deyil. Çünki polis yaxud digər hüquq-mühafizə orqanı əməkdaşları hazırlıqlı adamlardır. Əlbəyaxa olan cinayətkarı silah işlətmədən zərərsizləşdirməyi bacarmalıdır. Yaxud oğurluq kimi xırda cinayət törədənlərə qarşı da odlu silahdan istifadə adekvat sayılmayacaq.

Polis və ya digər hüquq-mühafizə orqanı əməkdaşı çalışmalıdır ki, cinayətkarı məsələn ayağından, ümumiyyətlə xəsarət yetirməklə vursun ki, onu canlı ələ keçirə bilsin. Bundan başqa, əgər güllə silahdan çıxıbsa bunun zəruriyyətini sübut etmək üçün araşdırma aparılmalıdır. Bunun üçün xüsusi komissiya yaradılmalıdır. Əgər həmin komissiya silahdan istifadənin zəruri olmadığı barədə rəy versə, həmin əməkdaş məsuliyyət daşımalıdır. Əgər zəruri olmadığı halda silaha əl atılıb və cinayətkara ciddi zərər vurulubsa həmin əməkdaş istintaq və təhqiqat orqanı tərəfindən müvafiq maddə ilə məsuliyyətə cəlb olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Mehman Nəbiyev

Oxşar yazılar