Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən, həmçinin bir neçə rayon sakinindən hədə-qorxu ilə pul istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Xırdapay kənd sakini Aydın Məmmədov törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov bu ilin aprel-may aylarında 4 rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.
Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin üstü də açılıb. Sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan ümumilikdə 1200 manat pul alıb.
Faktlarla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.