Bəzi kütləvi informasiya vasitələrində Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən bədəninin müxtəlif nahiyələrinin yandırılaraq işgəncəyə məruz qalması və hazırda onun xəstəxanada stasionar müalicə alması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyd edilən məlumat əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütamadi olaraq döyüb və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.
Fakta görə Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis şöbəsinin İstintaq şöbəsinə tapşırılıb.
Eyni zamanda, Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
***
saat 13:12
Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırıb.
Lent.az məlumat verir ki, bu barədə İTV-də xəbər yayımlanıb.
Videoda xəsarət alan azyaşlı bu sözləri deyib: “Mağazadan gizli çöplü şirə götürmüşdüm deyə anam qaşığı isidərək əllərimi, qollarımı yandırdı. Yandırmağı birinci dəfədir edib, amma bundan əvvəl çox döyüb məni. Məni döyməyinə səbəb isə nələrinsə yadımdan çıxmasıdır. Məsələn, mənə deyir ki, tualetdən çıxanda əl və üzünü yu. Mən də unuduram və əsəbiləşir”.
Daha ətraflı videoda: