Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Nizami Şirinovun anket məlumatları dəqiqləşdirilən zaman 5 ildir təqaüddə olduğu məlum olub.
Daha sonra prosesdə zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkənlərdən Rahib Ağayevin uzun müddət general Yaşar Aydəmirovun sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.
Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar (təxminən 535 min 500 manat), mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.
Prosesdə Nizami Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edilib.
Hakimlər kollegiyası tərəfindən vəsatət təmin edilməyib.
M. Yusifovun verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.
Məhkəmə baxışı oktybrın 7-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilənlər bu şəxslərdən hədə-qorxu ilə pul tələb edib və rüşvət alıb.
Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.