Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovun cəzaçəkmə növünün dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində onun müraciəti təmin edilib.
Ceyhun Cəfərovun cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, sabiq icra başçısı və Kürdəmir rayonunun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə endirilib.
Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını azaldaraq üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlayıb.