Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub. Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.