“Telescope Array” beynəlxalq layihəsinin mütəxəssisləri güclü kosmik şüa qeydə alıblar.
Lent.az xəbər verir ki, bu barədə Yuta Universitetinin məlumatında deyilir.
Alimlərin sözlərinə görə, bu şüa bütün müşahidə tarixi boyunca ikinci ən güclü şüadır. Lakin onun təbiətinin müəyyən edilməsinə hələ ki, nail olunmayıb. “Yeni zərrəciyin trayektoriyasını mənbəyədək izləyərkən onu törətməkdən ötrü kifayət qədər yüksək səviyyəli enerjini üzə çıxarmaq mümkün deyil. Məsələ bax, bundadır”, - deyə “Telescope Array” layihəsinin təmsilçisi Con Metyuz bəyan edib.
Bu şüa hələ 2021-ci ildə qeydə alınsa da, bu barədə məqalə 2023-cü ilin noyabrında dərc olunub. Bildirilir ki, onun zərrəcikləri elmə naməlum olan qanunlara əməl edə bilər.
Birinci dəfə buna bənzər hadisəni alimlər 1991-ci ildə müşahidə ediblər. Mütəxəssislər hətta şüaya “Ey mənim Tanrım” (“Oh-My-God”) adını veriblər. Onun ibarət olduğu zərrəciklərin enerjisi nəzəriyyədə ehtimal edildiyindən daha çox idi. Tədqiqatçıların hesab etdikləri kimi, qalaktikada heç nə belə axın törədə bilməz.