Kənd sakinlərindən külli miqdarda narkotik maddələr götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə Qəzli kənd sakini A.İsgəndərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və evinə baxış zamanı oradan 5 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Gülülan kəndi ərazisində kənd sakini Ş.Yarıyevə məxsus əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu və 7 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.