Avtomobilin yük yerində istehlak üçün yararsız at əti aşkarlanıb.
Lent.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı Ağdaş rayonu ərazisində İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 2 ünvanında yaşayan vətəndaş Süleymanov Vüqar Hafiz oğluna məxsus VAZ 2107 markalı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq təkdırnaqlı heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda insan istehlakı üçün yararsız at əti müsadirə olunaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.