İsmayıllıda baş vermiş ağır avtomobil qəzası zamanı dünyasını dəyişən şəxslərdən ikisinin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı motosikletin sürücüsü 23 yaş Nihad Allahverənov, “Opel” markalı minik avtomobilinin sürücüsü 38 yaş İsa Rzayev ölüb.
Qəzada ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.
***
saat 14.01
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
saat 13.57
Xəbərə video əlavə edilib.
***
saat 13.24
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
saat 13.03
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Əlavə məlumat veriləcək.