Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana gətirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-aməlumat verilib.
"Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində iyulun 17-də “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb, “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.