Fevral ayının 2-də saat 01:50-də Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Bakı şəhər sakini 34 yaşlı Əsgərov Ümid Nadir oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.