Külli miqdarda narkotik və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, avqust ayının 17-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Beyləqan rayon sakini 40 yaşlı Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilib. Onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram heroin, 5 kiloqram 800 qram metamfetamin, 1 kiloqram 720 qram marixuana, 60 qram tiryək, 284 ədəd metadon M40 və 30 ədəd preqabalin dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.