Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-averilən xəbərə görə, oktyabrın 11-də Biləsuvar rayonu, Biləsuvar kəndi istiqamətində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.
Həmin gün saat 20:40-da eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazilər qapadılaraq, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 33 yaşlı Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib, onun əlindəki çantaya və ərazidən götürülmüş bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.
Oktyabr ayının 12-də saat 07:45-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şübhəli bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram narkotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.