İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 26-da saat 3:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 3:40-da sərhədboyu ərazidə gizlin yerdən naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin Bakı şəhər sakini 31 yaşlı Balakişiyev Zeynalabdin Fəxrəddin oğlu olması müəyyənləşdirilərək, şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram “marixuana” və 3 kq 630 qram “tiryək”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.