Bakıda ət kəsim məntəqələrində yoxlamalar aparılıb.
Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb.
Aşağıda qeyd olunan foto şəkillərdə paytaxtın Yasamal (Məhəmməd Xiyabani küçəsi və Əhməd Əsədov küçəsi) və Binəqədi (Səttar Bəhlulzadə küçəsi, Tayqa Ticarət Mərkəzi ilə üzbəüz) rayonlarında qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin görüntüləri əks olunub.
AQTA bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. Həmçinin vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmək, bu cür qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.