Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin avqustun 2-də çıxardığı hökmlə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Xidmətdən Lent.az-a verilən xəbərdə qeyd olunur ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1 - 37.4 dərəcə olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə, profilaktik müalicə alıb.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilərək, ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq COVİD-19 infeksiyasına yoluxma diaqnozu təyin edilib və Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 67 yaşlı N.Quliyev orada vəfat edib.