Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məhkəməyə ərizə ilə müraciət edib.
Onun müraciəti Əvəz Zeynallının peşə fəaliyyəti ilə bağlıdır. O, məhkəmənin düzgün qərar verəcəyinə inandığını vurğulayıb.
Məhkəmə Məlahət Zeynallnın müraciətini cinayət işinə əlavə edib.
Daha sonra, Elnur Şükürovun vəkili çıxış edib:
“Hörmətli məhkəmə kollegiyası, burada dələduzluq hardadır? Mənə başa salın.
Burda ən biabırçı maddə Sumqayıtla bağlıdır. Elnur Şükürov Sumqayıt şəhər icra hakimiyyətindən gedib sərəncamı götürməklə kimə təsir edə bilər?
İstintaqda adı çəkilən Teymur Rəhimov heç məhkəməyə gətirilmədi. Onu məhkəməyə gətirmək bu qədər çətindirmi?
Məni gecə yerimdən oyadıblar. Mən onun vəkiliyəm, başa saldım ki, bunun yolu, yordamı var. Elnur Şükürovla istintaqda görüşdüm. “Rəis, rəis” dedikləri bir adam vardı gəldi dedi ki, ya Əvəz Zeynallının üzünə durmalısan, ya da həbs olunursan. Başqa yolun yoxdu. Əvəz, oldu-olmadı”.
Əvəz Zeynallı suala cavab olaraq bildirib ki, hələ daha artığı olub:
“Çox düz danışırsınız. Hələ bunlardan artığı olub, nəyinki əksiyi”.
Elnur Şükürovun vəkili məhkəmədən bəraət istəyib:
“İttihamların hamısı şər və böhtandır. Hüquqlarını müdafiə etdiyim şəxsə məhkəmədən bəraət istəyirəm. Xahiş edirəm ki, qərarınızla Elnur Şükürov məhkəmə zalından azadlığa buraxılsın”.
Məhkəmənin gedişatında təqsirləndirilən şəxslər Elnur Şükürov və Əvəz Zeynallı son söz deyib.
Elnur Şükürov son sözü tribunada demək üçün məhkəmədən icazə istəyib. Hakim qandalların vurulmasını istəyəndə, narazılıq yaranıb. Nəticədə Elnur Şükürov son sözünü tribunada yox, şüşə kabinada deyib.
O, son sözündə bildirib:
“Mən Nərimanov parkında heç bir əsas olmadan, qəfil tutulmuşam. Məni saxlayıb maşına mindirdilər. İlk sualları “Əvəz Zeynallının iadə edəcəyi sənəd hardadı?” oldu. Kiməsə zəng edib dedi ki, “Rəis, Elnur Şükürov bizlədi”. Heç bir icazə sənədi olmadan maşınımı axtardılar. 3 maşın adam evimə gedib soxuldular. Evə baxış keçirmək ayrıdı, soxulmaq ayrı. Göstərəcəm, soxulmaq nədi, baxış nədir... Son olaraq bildirirəm ki, burada bəzi məmurların media savaşı gedir. Cinayətkar olaram, məhkəmədən xahiş edə bilərəm ki, məni əfv etsinlər. Amma yenə cəsarətimi özümdə saxlıyıb, sizdən böyük bir ədalət gözləyirəm. Ən azından bizə bəraət verilməlidir”.
Növbə Əvəz Zeynallının son sözü deyilməsinə gələndə, o da hakimdən tribunada çıxış etməsini istəyib. Hakim onun istəyini qəbul etməyib. Əvəz Zeynallı etirazını bildirəndə, hakim prosesin təxirə salınacağını qeyd edib.
Əvəz Zeynallı çıxışa başlayıb:
“Mən düşünmüşdüm ki, 2 saat proses ərzində danışaram. Eybi yox, 1 saat indi, 1 saat gələn proses danışaram. Bu məhkəmədə iştirak edən hər kəsə təşəkkür edirəm. Məhkəməni işıqlandıran media nümayəndələri 1 il ərzində əziyyət çəkdi. Amma keçən səfər yazıblar ki, Əvəz Zeynallının gözləri tutulub. Ay insanlar, biri tutulub. O biri ilə hələ görürəm”.
Hakim Əvəz Zeynallıya maddələr üzrə danışmasını istəyib.
Əvəz Zeynallı davam edib:
“Mənim sözümü kəsməyin. Danışdığım hər şey ittihamla bağlıdır. Deyəsən, siz başqa ovqatdasınız.
İnsanı tutmaq, cəzalandırmaq olar. Amma belə yox. 11 cildin o qədər qanunsuzluqları var ki, danışacam hamısını.
Bir nəfər zərərçəkən, 37 şahid var. Zərərçəkəni də tanımıram. Özünü öldürüb ki, mən zərərçəkən deyiləm. Atası ilə hədələyib aparıblar ifadə verməyə”.
Hakim Əvəz Zeynallının sözünü kəsib. Bildirib ki, təqsirləndirilən şəxsin son sözü uzun çəkdiyi üçün məhkəməni təxirə salıb.
Məhkəmənin fevralın 26-a qədər təxirə salınıb.
Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.