Xəbər verdiyimiz kimi, Xəzər Universitetində tələbə bıçaqlanıb.
Hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.
Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:
"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı APA TV-nin süjetində:
***
13:47
Mayın 29-da saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.
***
saat 13:00
Xəzər Universitetində tələbə bıçaqlanıb.
Lent.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyi mətbuat midmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.
Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.