Masallı sakininin evindən 15 kiloqramdan artıq narkotik aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Aləddin Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. A.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Aləddin Məmmədovun narkotik vasitə satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.