Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.
Lent.az xəbər verir ki, 11 sentyabr 2024-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamalıyev Cavid İlqar oğlunun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.
Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə "Tik Tok" və "Teleqram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.
Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.
Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.