Daxili İşlər Nazirliyi Oqtay Gülalıyevin oğlunun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Lent.az-a bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb.
Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır.
Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta-ağır olaraq qiymətləndirir.
***
saat 00:02
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev qəzaya düşüb.
Lent.az xəbər verir ki, bu barədə O.Gülalıyevin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunur ki, hadisə mayın 25-də axşam saatlarında qeydə alınıb. Yol qəzasına düşən T.Gülalıyevin burnu sınıb, kəllə-beyin xəsarəti alıb:
"Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta-ağırdır. Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib".
Xatırladaq ki, Oktay Gülalıyev 2019-cu ilin oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb.