Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxs Azər Səricanova suallar ünvanlayıb.
Prokuror ondan Fazil Mustafaya qarşı sui-qəsd törətmədən, məsələnin həllinin sivil yolunun olub-olmamasını soruşub.
O bildirib ki, əvvəlcədən onun fikri Fazil Mustafaya bu tərzdə dərs vermək idi:
“Fazil Mustafanın deputat, dövlət adamı olduğunu bilirdim. Dini mövqedən fikirləri məni əsəbləşdirirdi. Dəfələrlə tanışlarım ona feysbukda yazıb bildirmişdi. Oğluna da deyilmişdi. Mən amma yazmamışam. Çünki əvvəldən fikrim onu cəzalandırmaq idi”.
Təqsirləndirilən şəxs Azər Səricanov bütün yönləndirmənin özünün etdiyini deyib:
“Bütün planı mən etmişəm. Nə cəza varsa, mənə verin.
Daha sonra, Fazil Mustafanın vəkili Azər Səricanova suallar ünvanlayıb.
Vəkil: Sən dedin ki, bu şəxslərə ideologiyanı mən öyrətmişəm. Hansı ideologiyanı deyirsən?
Azər Səricanov: Mən həmin ideologiyanı sənə öyrətməyim üçün gərək 1 ay dizimin dibində oturasan. Fazil Mustafa Aşura günü toy eləməyə çağırır.
Vəkil: Fazil Mustafa harda deyib bu sözləri?
Azər Səricanov: Mənlə oyun oynama e. Yutubda hər şey var.
Fazil Mustafanın vəkili onun son 5 illik çıxışlarını məhkəməyə təqdim edib. Vəkilin 3 ədəd silahı haradan əldə edilib sualına Azər Səricanov belə cavablandırıb:
“Hamısını mən tapmışam. Kişiyəm kişinin üstündə silah olar. Mən üstümdə həmişə silah gəzdirmişəm. Mənim dinimi təhqir edənlərin əllərini kəsərəm”.
Prokuror sual ünvanlayaraq, əgər hadisəni törətməkdən peşman deyilsənsə, niyə gizləndiklərini soruşub.
Azər Səricanov gizləndiyi üçün peşman olduğunu deyib:
“Səhv etmişəm ki, gizlənmişəm. Ən şərəflisi o idi. Gərək özümüz çıxıb deyərdik ki, sui-qəsdi biz törətmişik. Bax, burda keçirdiyimiz toplantı hamısı şoudu. Mən ölümə gedən adamam. İstəyirsiniz mənə ömürlük verin".
Hakim Elnur Nuriyev sual verib. Qeyd edib ki, sizin dediyiniz o dində kimisə bu tərzdə cəzalandırmaq varmı?
Azər Səricanov: Bu səfər də belə olsun. Dinimi təhqir edənin əllərini də kəsərəm
Hakim Azər Səricanovdan etdiyi əməldən peşmanlığını soruşub.
Azər Səricanov cavab olaraq peşman olmadığını deyib:
“Etdiyim əməldən heç peşman deyiləm. Etdiyim hər şeyin sonacan üstündəyəm”.
Daha sonra, məhkəmədə Azər Səricanovun istintaqdakı ifadəsi elan olunub:
“28 mart Fazil Mustafanı vurandan sonra Rəşada zəng etdim. Səhəri gün Rəşadla görüşüb, ondan 30 min dollar aldım. Həmin puldan Rəşada 2 min dollar verdim. Səbuhiyə isə 15 min dollar verdim. Və dedim ki, ölkədən çıx”
Hakim: Bu barədə nə deyəcəksən?
Azər Səricanov: Mən Rəşadın ifadəsini təsdiqləmişəm.
Məhkəmənin gedişatında Rəşad Əhmədov ifadə verib.
Əhmədov da dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd cəhdi etməkdə, həmçinin narkotik dövriyyəsində ittiham edilir. Lakin müttəhim özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir.
Deyib ki, hadisədən dərhal sonra İstanbula gedib. Ordan da İrana keçib. İranda 10 gün qaldıqdan sonra isə Azərbaycana qayıdıb, bir neçə gün sonra da həbs edilib:
“Mən burdakılardan ancaq Azər Səricanovu tanıyıram, digərlərini görməmişəm. Azər mənə silah vermişdi. Tapşırmışdı ki, saxlayım, lazım olanda gəlib götürəcək. Amma Azərin həbsindən sonra gözüm qorxdu. Əvvəl İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım, geri qayıtdım”.
Bundan sonra təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilib.
Əhmədov istintaqda deyib ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər əvvəl Suriyaya gedib. Orada müharibədə iştirak edib. Müharibədən sonra isə İrana köçüb, həmin vaxtdan orada yaşayıb:
“Valehlə sosial şəbəkələrdə danışırdıq. Bir dəfə Qumda Valehlə görüşümüz oldu. Həmin vaxt Valehə Azər Səricanovun Fazil Mustafanı öldürmək planı olduğunu dedim. Valeh də bu işdə maraqlı oldu. Sui-qəsd cəhdinin icra edilməsi üçün mənə 30 min dollar verdi. Pulu ondan alıb Azər Səricanova verdim.
Amma pulu alanda Valeh şərt qoymuşdu ki, iş alınmasa pulu qaytarmalıyam, tutulmasaydım İrana qayıdıb yaşayacaqdım. Bundan başqa Valeh mənə Azərbaycandakı strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Məndə dediyi yerlərin şəklini çəkib atdım”.
Növbəti proses martın 1-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafana yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.