Bakıda mərasim evinin tavanının uçması nəticəsində yaralananların adları açılqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.
Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 13:36
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumatla görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
saat 13:13
Yasamalda mərasim evində tavan çöküb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.
"Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyyə edilib", - məlumatda deyilir.