Heydər Əliyev prospektində yan yolla tuneli ayıran divar qəza səbəbilə dağılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, ötən gün axşam saatlarında Ziya Bünyadov prospektindən Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev proskpekti istiqamətində hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq qəza törədib. Yük maşınının Heydər Əliyev prospektində yan yolla tuneli ayıran divara çırpılması nəticəsində divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb.
Daxil olan məlumatla əlaqədar dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunub və divarın bərpası üçün işlərə başlanılıb.
Aparılan təmir-bərpa işləri ilə bağlı sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.