Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Mingəçevir şəhər sakini Ramil Salmanov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə taksi şirkətlərinə sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib.
Aparılan araşdırmalar zamanı Ramil Salmanovun əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.
Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.