Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Nəsrəddin Tusi küçəsində qeydə alınıb.
Hələ ki sürücüsü naməlum olan 90-MK-509 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil yüksək sürətlə əvvəlcə əks istiqamətdə hərəkətdə olan "VAZ 2115", "Ford", daha sonra "Chevrolet", "Kia", "Hyundai" və "Opel" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində “Kia” markalı avtomobilin sürücüsü Nərgiz Məmmədova sol ayağının sınığı xəsarətləri ilə özəl klinikaların birinə, Şıxalıyev Seyran Nadir oğlu isə baş beyinin əzilməsi diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən "Toyota"nın sürücüsü ərazidən uzaqlaşıb. Xətai Rayon Polis İdarəsinin təhqiqatçıları əraziyə gəlib. Avtotexniki ekspertiza təyin edilib. Sürücünün axtarışı davam etdirilir.