Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə küçədə yaşayan azyaşlı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, həmin uşağın narkotik istifadə etməsi ilə bağlı yayılan iddialar əsassızdır:
Elşad Hacıyev
“Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır.
Həmin azyaşlı anasının yanındadır. Onların barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək.
Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyi təşkilatının sədri Kəmalə Ağazadə azyaşlı uşağın paytaxtın “Nizami” metrostansiyası qarşısında yaşaması barədə sosial şəbəkədə məlumat yayıb. Həmin uşağın narkotik istifadəçisi olduğu iddia olunurdu.