Bakıda evində qumbara partladan şəxslə bağlı yeni faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni tərədən İntizam Nəcəfov Bakıdakı fermer təsərrüfatlarından birində çobanlıq edirmiş. O, 12 il əvvəl ayrıldığı ailəsinin qaldığı evə qumbara ilə hücum edib. Məqsədi keçmiş həyat yoldaşını, qayınanasını və 3 övladını öldürmək olub.
İ.Nəcəfov birinci qumbaranı keçmiş ailəsinin yaşadığı evin həyətinə atıb. Daha sonra onların evdən çıxmasını gözləyib. O, növbəti qumbaranı onların yanında partladacaqmış.
Birinci qumbara partlayışından sonra polisə məlumat verilib və dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə yerinə gələn polis əməkdaşları böyük bir ailə faciəsinin qarşısını almağa müvəffəq olublar.
Belə ki, hadisə yeri dərhal mühasirəyə alınıb və görülən qabaqlayıcı tədbirlərlə həmin şəxs zərərsizləşdirilib.
İ.Nəcəfov zərərsizləşdirilməzdən əvvəl qumbaranı əlində partlatmaq istəyib. Həmin qumbara onun əlində partlasaydı özü, keçmiş ailə üzvləri və ərazidə olan polis əməkdaşları həyatını itirə bilərdi. Lakin polisin çevikliyi nəticəsində onun əlindəki qumbara partlamamış təhlükəsiz yerə atılıb. Nəticədə ölən və xəsarət alan olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***
saat 08:36
Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.
DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur.
Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Birgə nigahdan 3 övladı var.