Salyanda intihara cəhd hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb. Rayon sakini olan 21 yaşlı Məhərrəmov Pərvin Rasim oğlu özünü inzibati binanın qarşısında üzərinə yanacaq tökərək özünü yandırıb.
Məlumata görə, buna səbəb onun bacısı N. Məhərrəmovanın narkotik istifadəçilərinə qoşularaq evdən getməsi olub. P. Məhərrəmov dərhal polislər tərəfindən xəstəxanaya yerləşdirilib.
P. Məhərrəmovun əvvəllər Cinayət Məcəlləsinin 329.1-ci (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) və 333.3-cü (Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddələri ilə məhkum olunduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, intihara cəhd edən əvvəllər törətdiyi hərbi cinayətlərə görə məhkum olunan 21 yaşlı şəxsdir:
"Onun intihar cəhdinə səbəb narkotik aludəçilərinə qoşulan, yüngül həyat tərzi keçirən bacısının təcili xilas edilməsi bağlı olub.
Araşdırmalar davam etdirilir".