Nyu-Yorkda saxlanılan 29 yaşlı azərbaycanlı tələbə şəhər meri Zohran Mamdaninin Donald Trampla görüşündən sonra azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, bununla bağlı mer öz “X” hesabında yazıb.
Elmina Ağayeva (Elli) ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin federal agentləri tərəfindən Kolumbiya Universitetinin kampusunda qanunsuz əcnəbi kimi saxlanılıb. Nazirliyin açıqlamasına görə, onun tələbə vizası 2016-cı ildə Obama administrasiyası dövründə dərslərə davam etmədiyi üçün ləğv olunub.
Kolumbiya Universitetinin tələbələri və Nyu-York rəsmiləri iddia ediblər ki, agentlər məhkəmə qərarı olmadan universitetin yaşayış binasına daxil olub. Onlar özlərini polis kimi təqdim edərək itkin düşmüş şəxsi axtardıqlarını bəhanə ediblər. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə bu detalları təkzib edir. Həmçinin tələbələr də Elminanın saxlanılmasına etiraz əlaməti olaraq yataqxana önündə aksiya keçiriblər.
Trampla görüşdən sonra Mamdani sosial şəbəkədə yazıb ki, prezident ona zəng edərək Ellinin yaxın vaxtlarda azad ediləcəyini bildirib. Qısa müddət sonra universitet sosial media hesablarında qızın sərbəst buraxılması barədə məlumat yayıb. Elli özü də bunu təsdiqləyib:
“Bir müddət əvvəl çıxdım, təhlükəsizəm və yaxşıyam. Baş verənlərdən şokdayam. Hər şeyi anlamaq üçün bir az vaxta ehtiyacım var”.
Mamdani Trampla görüşə müxtəlif vaxtlarda immiqrasiya orqanları tərəfindən saxlanılmış beş şəhər sakininin siyahısı ilə gəlib və onların arasında Ağayeva da olub. Mer həmin şəxslərə qarşı işlərin bağlanmasını xahiş edib. Tramp və Mamdani ABŞ-ın siyasi spektrinin fərqli qütblərində yer alsalar da, noyabrda Mamdaninin mer seçkilərində inamlı qələbəsindən sonra respublikaçı prezident özünü demokratik sosialist adlandıran siyasətçini Oval kabinetə dəvət etmiş və onu kameralar qarşısında səmimi şəkildə qarşılamışdı. Anna Barın sözlərinə görə, həmin vaxt tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər və son görüş də bu razılaşma çərçivəsində baş tutub.
