2021-ci ilin noyabr ayında İsmayıllıda rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini qəsdən maşınla vuran sürücü məhkəməyə verilib.
Lent.az xəbər verir ki, hadisəni törədən 56 yaşlı Ağamirzəyev Fazil Səməd oğlu yol hərəkəti qaydalarını pozduğu üçün tərtib olunan cərimələri ödəməyib. Buna görə o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə ittiham edilir.
Şikayət İsmayıllı rayon Məhkəməsinə göndərilib, iş hakim Rafael Şirinovun icraatına verilib.
Qeyd edək ki, F. Ağamirzəyev əvvəlcədən aralarında yaranmış mübahisə zəminində İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri 47 yaşlı Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 41 yaşlı Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Onun barəsində İsmayıllı rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə onun psixoloji durumunun yerində olmadığı müəyyənləşib və Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Ruhi-Əsəb Dispanserinə yerləşdirilib.